Ucadan danışmaq və üzərində qəpik gəzdirmək olmaz |Sualtı kəşfiyyatçılar necə yaşayır?

   Ucadan danışmaq və üzərində qəpik gəzdirmək olmaz    |Sualtı kəşfiyyatçılar necə yaşayır?
  05 İyul 2023    Oxunub:2122
Əksər insanların peşələrə münasibəti maaşına, gəlirinə görə formalaşır. Peşələri “yaxşı gəlirli” və “pis gəlirli” kateqoriyalarına bölürlər. Maaşın yüksək, pensiyə yaşının aşağı olmasını böyük avantaj hesab edirlər. Nəzərə almaq lazımdır ki, bütün bu məsələlər ən yaxşı mütəxəssislər tərəfindən ən xırda detallarına, dəqiqliklərinə qədər hesablanır.
Bu dəfə maaşı yüksək və insan həyatı üçün birbaşa təhlükə riski daşıyan peşələrdən biri-sualtı qayıqlarda işləyənlərin peşə çətinliklərindən bəhs edəcəyik.

Öncəliklə deyim ki, bu ekipajın bir üzvü olmaq üçün çox çətin akademik testlərdən, psixoloji sınaqlardan keçmək lazımdır. Aylarla davam edəcək səfərlərə, çox kiçik xətanın geri dönüşü olmayan fəlakətlərə səbəb olacağını gözə almaq lazımdır. Ölkənin ən bahalı silahlarının, illərlə hazırlanan kadrların daşınmasının məsuliyyətini anlamaq lazımdır. Sualtı qayıqların missiyas müddəti orta hesabla 90-100 gün civarında olur. Bəzi tapşırıqların müddəti 300 gündən də artıq olur. Bu müddəti suyun altında dəmir bir boru içində və çətin tapşırıqları dayanmadan icra etmək məcburiyyəti ilk gözə çarpan çətinlikdir.



Texniki və maddi baxımdan okeanın dibinə enmək kosmosa getməkdən daha çətin və daha bahalıdır. Suyun dibindəki ekipaj günün saatını və ayın tarixini onlara verilən tapşırıqlardan bilirlər. Qırmızı və ya sarı işiq yanırsa, gecədir, ağ işıq yandırılıbsa gündüzdür. Özlərinin “məzar” adlandırdıqları çox kiçik yataqlarda yatırlar və günün hər saatında bir qrup işçinin yatma vaxtı olduğu üçün mütəmadi olaraq səssiz hərəkət edilməlidir.

Yataq sayı hər dəfə insan sayı ilə eyni olmadığı üçün, bəzən belə dar və kiçik yataqlarda eyni zamanda 2 nəfər yatmağa məcbur olur. Hətta ekipaj üzvlərinin səs çıxarmaması üçün ciblərində qəpik gəzdirmələri də qadağandır. Səssiz davranmaq məcburiyyəti yalnız qayıqda olanların istirahəti üçün deyil. Həmçinin, xüsusi tapşırıqlar zamanı başqa ölkənin qayıqlarının onların yerini müəyyən etməməsi ilə bağlıdır. Bu səbəbdən bir çox hallarda ekipaj üzvlərinin öz aralarında danışması qadağan edilir.



Qayığın həcmindən və ekipaj üzvlərinin sayından asılı olmayaraq, qayıqda cəmi 2 duş quraşdırılır. Duşda 1 nəfərin 3 dəqiqədən artıq qalması qadağandır. Bir adama duş növbəsi təxminən 10 gündən bir gəlir. Şəxsi bölgə, şəxsi sahə anlayışı demək olar ki yoxdur. Tualetdən istifadə qaydaları isə daha çətindir. Orta hesabla 40 nəfərə 1 tualet düşür. Sifonu düzgün istifadə etməmək ən yaxşı halda tullantıların istifadəçinin üzərinə püskürməsi, ən pis halda isə bütövlükdə qayığın məhv olması ilə nəticələnə bilər. İkinci Dünya Müharibəsi zamanı Almaniyanın bir sualtı qayığında tualetdən düzgün istifadə olunmaması nəticəsində bütün ekipaj üzvləri birlikdə batmışdı. Bu yaxınlarda isə Hindistanın təxminən 3 milyard dollar dəyərində olan bir sualtı qayığı qapaqlarından birinin unudularaq bağlanmamasına görə bataraq sualtı zibilxanaya çevrilmişdi.



Aylarla davam edən səfərlərdə gün görməyən ekipaj üzvlərinin qidalanmasının da çətinlikləri çoxdur. Ərzaq məhsulları ən çox 2 həftə təzə qala bilir. 2 həftədən sonra onlar ya konservləşdirilmiş, ya da dondurulmuş məhsullarla qidalanmaq məcburiyyətində qalırlar.
Sualtı qayıqların bir səfərinin müddətini ekipaj üzvlərinin qidasının miqdarı müəyyən edir. Qayıqda quraşdırılan xüsusi texniki vasitələr qayığı istənilən qədər su və hava ilə təmin edə bilir. Amma qida məhsulu istehsal etmək, yaxud okeandan dəniz məhsulu ovlamaq mümkün deyil.



Suyun dibində internet olmur. Xarici aləmlə əlaqə nadir hallarda qayıq suyun üzərinə çıxanda qurulur. Çünki suyun üzərinə çıxan qayıq mütləq kosmik peyklər vasitəsilə diqqət çəkir və məxfiliyini itirir. Sualtı qayığın ən böyük xüsusiyyəti isə gizlilikdir. Ona görə də, qayıq missiya həyata keçirərkən, xarici aləmlə istənilən təmas qadağandır. Ekipaj üzvləri yalnız öz aralarında ünsiyyət qura bilərlər. Bu zaman da qarşıdurma və fikir ayrılığının yaranmamasi üçün onlara siyasətdən danışmaq qadağan edilir. Qayıq suyun üzərinə çıxdığı zaman qısa müddət ərzində ailə üzvləri ilə e-mail ilə əlaqa qurulmasına icazə verilir. Amma bütün yazışmalar senzuradan keçirilir və lazım hesab edilməyən məlumatların ötürülməsinin qarşısı alınır. Bunun üçün ekipajda xüsusi işçilər fəaliyyət göstərirlər. Məsələn, ekipaj üzvünün əhvalına təsir edə biləcək ölüm xəbərinin verilməsi qadağan edilir.



Duzlu suyun dərinliklərində siqnal ötürmək və ölkə ilə təmas qurmaq mümkün deyil. Ən azı gizlilik üçün heç buna cəhd də edilmir. Siqnalı müəyyən edə bilən sistemlərə yaxalanmamaq üçün yalnız VLF sistemlərindən istifadə olunur. Bu sistemlə məlumatı okeanın 20 m dərinliyindəki qayığa ötürmək mümkündür. Yalnız VLF sistemi ilə gələn əmrlərə cavab vermək onu almaq qədər asan olmur. Bunun üçün qayıq suyun üzərinə çıxaraq, antennalarını açmalıdır.

Sualtı qayıqların dərin sulardakı fəaliyyətinin çətinlikləri bununla bitmir. Ən ciddi problemlərdən biri də naviqasiya problemidir. Heç bir siqnalla yerini bəyan edə bilməyən sualtı qayıqlar səs siqnalları yaya bilən sonar sistemlərdən istifadə edirlər. Bəzi sualtı qayıqlar suyun altında elə professionalcasına gizlənə bilirlər ki, 5-10 metr məsafadə olan başqa sualtı qayıqlar onları müəyyən edə bilmirlər (2009-cu ildə ingilis və fransız sualtı qayıqları toqquşmuşdu. Onlar toqquşmayana qədər bir-birlərindən xəbərsiz idilər) .

Ən dəhşətli vəziyyət isə sualtı qayığın müəyyən texniki avadanlıqlarının sıradan çıxması nəticəsində onun okeanın dibinə “oturması”dır. Bu vəziyyətdə onların yerini müəyyən etmək qətiyyən mümkün deyil. Ekipaj yalnız qalan qida ilə qidalanıb ölümü gözləyə bilər. Onların qayığı tərk etməsi də mümkün deyil. Okeanın təxmini dərinliyi 3,6 km- dir. İnsanın orqanizmi bu qədər təzyiqə davam gətirə bilmir.



Bəs bu qədər məşəqqəti bir iş dövlətə nə üçün lazımdır? Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti dövlətin milli təhlükəsizliyinin əsas sütunlarından biridir. Sualtı qayıqlardan xarici və nüvə hücumlarının qarşısının alınmasında, elmi araşdırmalarda və quru qoşunlara hücum əməliyyatlarında dəstək məqsədilə istifadə olunur.

Bu danılmaz bir faktdır ki, bütün dünyada ən çətin və ən məşəqqətli, o cümlədən ən şərəfli peşələr hərb sahəsinə aid peşələrdir. Belə ağır missiyaların öhdəsindən gəlmək üçün onlar gücü vətənlərinə olan sonsuz sevgidən alırlar.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Sualtı   Qayıq   Kəşfiyyat  



Xəbər lenti